Heydər
Əliyevin fəal siyasətə QAYIDIŞI o dövrə təsadüf edir ki, daim xalqı
ilə bir yerdə olan bu böyük şəxsiyyətin susması daha mümkün deyildi…
1990
- 1993-cü illər ölkəmizin taleyinin hərraca qoyulduğu, fəlakətə
sürükləndiyi bir vaxtda səsini qaldıran, Azərbaycan həqiqətlərini
bütün dünyaya çatdıran Heydər Əliyevlə xalq amilini fəal siyasi
müstəviyə çəkdi: Məhz bu dövrdə - Azərbaycanın təkləndiyi bir vaxtda
xalqımızın böyük oğlu Azərbaycan adlı parçalanmış, qan içində üzən, 20
Yanvar faciəsinin məhrumiyyətindən özünə gəlməyə macal tapmayan,
erməni yaraqlılarının hərbi müdaxiləsi, daxildə isə satqın rəhbərlərin
xəyanəti ilə üzləşən yarımcan bədənə mənəvi ruh, bütövlük və tamlıq
gətirdi. Lakin bu da taleyin işidir ki, Azərbaycanın Azərbaycana
qayıdışı kimi məsul tarixi vəzifə, Xilaskarlıq missiyası Azərbaycanın
paytaxtından yox, ucqar regionundan - Naxçıvandan başlandı.
Totalitar rejimin və
onun yerli əlaltısı olan Ayaz Mütəllibovun xəyanətkar hərəkətlərinə,
Heydər Əliyevi Bakı aeroportunda qarşılamaq istəyənlərə hər cür mənəvi
və fiziki təzyiq göstərməsinə baxmayaraq Heydər Əliyev 1990-cı il iyun
ayının 20-də təyyarə ilə Bakıya, iki gün sonra isə Naxçıvana gəldi.
Moskvadan Naxçıvana
QAYIDIŞ o dövrün bəzi qəzetlərində yazıldığı kimi, əyalət mərkəzinə
yox, Vətənə QAYIDIŞ idi; böyük siyasətə yenidən və fəal şəkildə,
birmənalı, ardıcıl, qətiyyətli QAYIDIŞ idi.
1990-1993-cü illərdə
Naxçıvan Muxtar Respublikası tələbkar və olduqca gərgin bir dövr
yaşayırdı. Bu dövrdə Qarabağ problemi ətrafında yayılan dalğanın zərbə
qüvvəsinə məruz qalan, sərhədyanı kəndləri ermənilər tərəfindən işğal
və qarət olunan, dincliyi əlindən alınan Naxçıvan «taleyin ümidinə
buraxılmış tənha bir ada»nı (H.Əliyev) xatırladırdı. Azərbaycanla
nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən sonra iqtisadi və siyasi
böhran içində boğulan, adamların son ümidi olan ov tüfəngləri də
yığılandan sonra erməni təcavüzü qarşısında əliyalın və köməksiz
vəziyyətdə qoyulan Naxçıvan düşdüyü vəziyyətə SSRİ-nin tərkibindən
(Azərbaycanın yox) çıxması barədə qərarı ilə etirazını bildirəndən
sonra iqtidar və ixtiyar sahiblərinin qəzəbinə düçar olmuş, «kor
bağırsaq» kimi kəsilib atılması zəruri bilinmişdi.
Tale Heydər Əliyevi bu
regiona göndərməklə Naxçıvanı, onu gözləyən bəlalardan, işğal olunmaq,
əhalisini isə qaçqın ömrü yaşamaq təhlükəsindən hifz etdi.
Azərğaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə
Naxçıvan boyda abidə ucaltdı.
Azərbaycanın siyasi
tarixində özünə parlaq iz qoymuş bu böyük şəxsiyyətin Naxçıvanda
yenidən siyasi hakimiyyətə qayıdışı, sıravi deputat, sonralar isə
Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi
Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi
mühitində aparıcı qüvvəyə çevrilməsinə, milli dövlətçiliyin bərpası
istiqamətində qəti addımların atılmasına gətirib çıxartdı.
Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Heydər Əliyevin sədrliyi
ilə keçən Naxçıvan parlamentinin iclas zalında qaldırıldı. Keçmiş
Sovetlər Birliyinin mövcud olduğu bir dövrdə cəsarətli addımlar
atılaraq Naxçıvan Muxtar Respublikasının adından «Sovet Sosialist»
sözləri götürüldü. Milli şüurun dirçəlməsi istiqamətində ən zəruri
tədbirlər görüldü. Sovet qoşun hissələri və sərhəd dəstələri onlara
məxsus silah-sursatın, texnikanın və əmlakın tamamilə Naxçıvanda
saxlanması şərti ilə ilk dəfə olaraq bu torpağı tərk etdilər; ilk dəfə
olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 yanvar
faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü kimi
qeyd olunması, Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik günün
təsis edilməsi, aqrar islahatların həyata keçirilməsi barədə tarixi
qərarlar qəbul olundu.
Bu dövrdə dövlət
müstəqilliyinin bərpası istiqamətində tədbirlər təkcə siyasi müstəvidə
getmirdi. Yeni iqtisadi təfəkkürə söykənən, bazar iqtisadiyyatı
tələblərinə uyğunlaşan iqtisadi model formalaşırdı. Blokadanın vurduğu
ziyanın aradan qaldırılması üçün tədbirlər görülür, qonşu Türkiyə və
İranla iqtisadi əlaqələr yaradılırdı. Qısa müddətdə Araz çayı üzərində
«Ümid» körpüsü tikilib istifadəyə verildi. Sədərək, Culfa və Şahtaxtı
gömrük-keçid məntəqələri fəaliyyətə başladı. Naxçıvan şəhəri
yaxınlığında İstilik- Elektrik Stansiyası tikildi, Türkiyədən və
İrandan Naxçıvan Muxtar Respublikasına yüksək gərginlikli elektrik
xətləri çəkildi.
Bir sözlə, 1990 -
1993-cü illərin Naxçıvanının siyasi, mədəni, mənəvi və iqtisadi
mühitindən Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir.
Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm
dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə
hərbi təcavüzə son qoyulmuş, əhalidə əmin - amanlıq yaranmış, siyasi
tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdır. Heydər
Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü dövlətçilik təcrübəsində
xalqla işləməyi bacarmaq nümunəsidir.
Xalqın gücü Heydər
Əliyevdə olduğu kimi, Heydər Əliyevin gücü də xalqdadır. «Xalq -
Heydər Əliyev», «Heydər Əliyev - xalq» anlayışları bir-birindən
ayrılmazdır. Bu mətləbin ilk sübuta yetirildiyi tarix isə bir qədər
əvvələ - 1992-ci ilə gedib çıxır. Bu o dövr idi ki, xalqın adından
hakimiyyətə sahiblənən Xalq Cəbhəsi özündən əvvəlki rəhbərliyin mənfur
siyasətini davam etdirir, Heydər Əliyevə qarşı kampaniyanı
gücləndirirdi; bu o dövr idi ki, iqtidar Heydər Əliyevə görə, yalnız
ona görə Naxçıvan Muxtar Respublikasının beynəlxalq müqavilələrlə
təsbit olunmuş muxtariyyat statusunu ləğv etmək planını gizlətmirdi.
Təsadüfi deyil ki, Xalq Cəbhəsi hökumətinin xeyir - duası ilə 1992-ci
il oktyabrın 24-də bu təşkilatın Naxçıvanda olan silahlı dəstələri
Naxçıvanda ilk dövlət çevrilişi cəhdinə əl atdılar. Sonrakı çevriliş
cəhdləri üçün baş məşq rolunu oynayan bu çevriliş cəhdləri onunla
əlamətdardır ki, bu dövrdən başlayaraq siyasi orientasiyasını
müəyyənləşdirən xalq kütləvi şəkildə Heydər Əliyevlə həmrəylik nümayiş
etdirdi. Bu dövrdə Heydər Əliyevin milli dövlətçilik təcrübəsinə
gətirdiyi yenilik isə onunla şərtlənirdi ki, siyasi hakimiyyət xalq
tərəfindən dəstək, möhkəm müdafiə təminatı almalıdır. Bundan kənarda
rəhbərlik, bundan kənarda dövlət idarəçiliyi yoxdur və ola da bilməz.
Lakin xalq hər
hakimiyyəti də müdafiə etmir.
Heydər Əliyevin siyasi
hakimiyyətinin Naxçıvan dövründə gördüyü işlər, Muxtar Respublikanın
yaşamasına və xilasına yönəlmiş tədbirlər 1990 - 1993-cü illərdə xaos
və təhlükələr, açıq şəkildə bildirilən kəskin narazılıqlar və
qarşıdurmalar mərhələsini yaşayan, qardaş qırğını və vətəndaş
müharibəsi həddinə gəlib çatan, parçalanaraq milli əyalətlər və
quberniyalar halında fəaliyyət göstərməyə təhrik edilən Azərbaycan
üçün ümid, nicat yeri idi.
Azərbaycanda dövlət
quruculuğu ağrılı, əzablı yollar keçib. Bu yolun ən məsul məqamlarında
ictmai-siyasi mühitin xüsusi həyəcanla vuran nəbzi xalqın uzun illər
həsrətində olduğu müstəqilliyini itirmək nigarançılığı ilə bağlı
olmuşdur. 1993-cü ilin iyununda da bu vəziyyət yaranmış, xalq real
parçalanma, məhv olma təhlükəsi qarşısında qalmışdı. O günlərin
dramatik faciəli gedişləri ilk baxışdan Azərbaycan xalqı üçün başqa
bir alternativ qoymamışdı. Lakin əsl yolu Zaman özü seçdi. Xalqın
iradəsi hər şeyə qalib gəldi və müstəqil Azərbaycan öz nicatını
görkəmli siyasətçi Heydər Əliyevin ikinci dəfə hakimiyyətə QAYIDIŞINDA
tapdı. Təsadüfi deyil ki, taleyinə xilaskarlıq missiyası yazılan
xalqımızın əvəzedilməz liderinin xalqın tələbi ilə siyasi hakimiyyətə
qayıtdığı gün - 1993-cü ilin 15 iyulu tarixə Milli Qurtuluş günü kimi
daxil oldu. Keçdiyimiz zaman məsafəsi xalqın düzgün qərar qəbul
etdiyini, saysız-hesabsız problemlər məngənəsində sıxılan ölkəmizin bu
ən ağır və məsul dövründə onu qurtuluşa aparmağa qadir olan yeganə
şəxsiyyətin məhz Heydər Əliyev olduğunu bir daha sübut etdi. Heydər
Əliyevin Naxçıvandan Bakıya, böyük siyasətə QAYIDIŞI şərəfli xilaskar
missiyasına - AZƏRBAYCANI AZƏRBAYCANA QAYTARMAQ məramına xidmət edir.
Həmin missiya bu gün də böyük uzaqgörənliklə və müdrikliklə davam
etdirilir. |